Malik Babayev Beynəlxalq Bankın pulları hesabına təmir etdirdiyi oteli satır

12:33 14-01-2022 441

Rusiyanın Peterburq şəhərində Dövlət Ermitajının rəsmi oteli olan “The Hermitage Hotel” 2,7 milyard rubl start qiyməti olmaqla hərracdan satışa çıxarılır. Bu haqda “Torgi-ru” resursu bildirir.

Şəhərin mərkəzində, Pravda küçəsində yerləşən otelin ümumi sahəsi 11 min 419 kvadratmetrdir, səkkiz mərtəbəlidir və yerləşdiyi torpaq sahəsi ilə birlikdə satılır. Hərrac yanvarın 26-na təyin edilib.

 

Otelin mülkiyyətçisi “Beynəlxalq Baltik İnvestisiya Şirkəti” ASC-dir. Bu cəmiyyətin səhmlərinin 70 faizi Azərbaycan vətəndaşına, qalan 30 faizi Rusiya vətəndaşına məxsusdur. Otel 2013-cü ildə Azərbaycan Beynəlxalq Bankından ayrılan on milyonlarla dollar kredit hesabına əsaslı təmir edilmişdi. Lakin həmin kredit qaytarılmayıb və Azərbaycan Beynəlxalq Bankı “Beynəlxalq Baltik İnvestisiya Şirkəti” ASC barəsində üç dəfə müflisləşmə iddiası qaldırmağa cəhd edib. Lakin məhkəmə iddiaları təmin etməyib.

Virtualaz.org qeyd edir ki, “The Hermitage Hotel”lə bağlı mübahisələr illərdir davam edir. Otelin əsas mülkiyyətçisi olan həmin Azərbaycan vətəndaşının adı Malik Babayevdir. Malik Babayev oteli daha əvvəlki sahibindən – qida sənayesi işçilərinin Mədəniyyət evindən 4,1 milyon dollara almışdı. Və Peterburqdakı məşhur Ermitajla anlaşaraq muzeyin adının otelin adı kimi istifadə edilməsinə razılıq alıb, əvəzində muzeyə müəyyən məbləğ ödəməyə razılaşıb.

O, sovet dövründə məşhur olan, ancaq sonradan baxımsız vəziyyətə düşən uçuq-sökük oteli aldıqdan sonra binanı restavrasiya etmək üçün Azərbaycan Beynəlxalq Bankından illik 12 faiz olmaqla dollarla kredit götürüb. Babayevin bankdan nə qədər kredit götürdüyü məlum deyil. Ancaq ekspertlər hesab edir ki, binanın restavrasiyasına və təmirinə azı 35-40 milyon dollar xərclənib.

Lakin bu kredit geri qaytarılmayıb və Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən mülkiyyətə həbs qoyulmasına dair məhkəmə iddiası qaldırılıb.. Bankdan o zaman bildiriblər ki, Babayevin şirkəti borc öhdəliklərini yerinə yetirmək istəmir. Borcun ödənilməsi xeyli müddət gecikdiyinə görə bank Babayevin girov qoyduğu əmlakı – oteli müsadirə etmək üçün iddia qaldırıb.

Malik Babayev Peterburqda daşınmaz əmlak sahəsinə investisiya qoyan biznesmendir. O, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin biznes-kompanyonlarından hesab olunurdu. “Beynəlxalq Baltik İnvestisiya Şirkəti”ni onunla birlikdə “MBA-Moskva” təsis etmişdi.

Mənbə Virtualaz.org