Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası

23:48 19-06-2022 189

Müasir Azərbaycan tarixinin təxminən 40 ili məhz dahi şəxsiyyət Heydər Əliyevin adı, onun çoxşaxəli siyasi fəaliyyəti ilə bağlı olub. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə bugünkü hüquqi, dünyəvi, unitar, demokratik  Azərbaycan dövlətinin təməli qoyulub.

 

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. Belə ki, 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən dahi şəxsiyyət Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində ümummilli lider Heydər Əliyev Azərbaycan Prezidenti seçilib.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb. 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, ölkədə ictimai-siyasi sabitlik bərqərar edilib.
Dövlətin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. 1994-cü ilin mayında o, cəbhədə atəşkəs elan edilməsinə nail olub.  1994-cü ilin sentyabrında Bakıda “Əsrin müqaviləsi” adını almış neft müqaviləsi imzalanıb, Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində uğurlu addımlar atılıb. Bakı-Supsa boru kəməri tikilib istifadəyə verilib.
1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edilib, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirilib, Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb, Azərbaycanda ölüm cəzası, mətbuat üzərində senzura ləğv olunub. 1995-ci ilin mayında Əfvetmə institutu bərpa edilib, 1995-2002-ci illərdə Əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus müxtəlif cəzalardan tam və ya qismən azad edilib, Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasında “xüsusi qonaq” statusu alıb, 2001-ci il yanvarın 25-də isə qurumun tamhüquqlu üzvü olub.
Azərbaycan kimi kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Qısa müddət ərzində müstəqil Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi.
Bu gün Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycana Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev rəhbərlik edir. Dövlət başçısı İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrilib. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək. 
 
 
Adil Hüseynov – ADİU-nin dosenti, İqtisad elmləri doktoru