“Özümü yandırım bu xəstəxanada?” - NARAZILIQ VAR!

15:52 21-09-2022 180

“Hərbi xidmətdə vərəmin ağır formasına tutulub, ordudan tərxis olundum. Müraciət müddətini ötürdüyümü səbəb gətirib, Dövlət Sığorta Şirkəti sığortamı ödəmədi. Xəstə canımla illərlə yollarda qaldım, heç nə əldə edə bilmədim. Sonra da mənə mülki əlillik təyin edildi. Halbuki, mən sağlamlığımı hərbi xidmətdə olarkən səngərlərdəki yaş torpaqların üstündə yata-yata itirmişdim. Heç kəs o sənədlərin üzünə baxmadı. Sığortadan əlimi üzdüm, 55 manat pensiya alırdım, sonradan 180 manata qalxmışdı. Ancaq indi onu da ala bilmirəm”.

Xalqxeber.az xəbər verir ki, bunu Meydan TV-yə Şəmkirin Mehirli kənd sakini olan 39 yaşlı Eldəniz Əsgərov deyir. Onun sözlərinə görə, 2002-ci ildə hərbi xidmətə gedib. Xidmətini yerinə yetirən zaman sağlamlığını itirib. Xidmətin 10-cu ayında ordudan tərxis olunub. Evə döndükdən sonra xəstəxanaya müraciət edib, ona “ağciyərin fibroz kavernoz vərəmi, infiltrasiya mərhələsində xroniki diffuz bronxit, 2-ci dərəcəli tənəffüs çatışmazlığı” diaqnozu qoyulub. Bu diaqnozla Şəmkir rayon Ağciyər Xəstəlikləri Xəstəxanasında qeydiyyata düşüb. İllərdir ki, bu xəstəliklə mübarizə aparır, hazırda da müalicələr alır. Bir neçə il əvvəl Dövlət Sığorta Şirkəti “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun “C” bəndində göstərilən müddəti ötürdüyünü əsas gətirməklə ona sığorta ödəməkdən imtina edib.

Eldəniz Əsgərov xəstəliyini hərbi xidmətdə qazansa da, ona hərbi yox, mülki əlillik təyin edilib. Ancaq 5 ay əvvələdək 2-ci qrup əlilliyi ləğv edilib.

Bərpa Mərkəzindəki növbələr, əsəb, həyəcan…

Sentyabrın 9-da Əlillərin Bərpa Mərkəzində müvafiq komissiyadan keçərkənsə, ondan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnsitutundan əlavə sənədlər alıb komissiyaya təqdim etməsi istənilib. Sonra başına nələr gəlib, özü danışır:

“Bakıya gələndə onsuz da vəziyyətim ağır idi, üstəlik də komissiyadan keçmək üçün sıxlıqda növbə tutmaq, gözləmək, əsəb, həyəcan… Təsəvvür edin ki, ümidlə gəlib komissiya üzvləri oturan otağa çatırsan, arxayınsan ki, tələb etdikləri bütün sənədləri toplamısan, bu, kəndlə Bakı arasında sonuncu sürünməyindir, artıq əlilliyin təsdiqlənəcək və təqaüdün bərpa olunacaq. Komissiya üzvlərisə səni daha bir neçə sənəd dalıyca göndərməklə məyus edir. Halbuki, əvvəldən deyə bilərdilər ki, gələndə filan xəstəxanadan filan sənədləri də gətir. Vaxtını, olan-qalan sağlamlığını kəndlə paytaxt arasında, sonra da Bərpa Mərkəzindəki insan növbələrində itirəndən sonra baxırsan ki, çox gecdir, arayışı alacağın xəstəxanadakı həkimlər də gedib, qalmağa yerin də yoxdur, kəndə qayıtmalısan”.

“Avtovağzalda vəziyyətim ağırlaşdı, təcili yardm gəldi”

Eldəniz Əsgərov kəndə qayıtmaq üçün Beynəlxalq Avtovağzala gedib, ancaq elə oradaca vəziyyəti ağırlaşıb. Ətrafdakılar təcili yardım çağırıb, ilkin tibbi yardımlar göstəriləndən sonra zar-zor gedib kəndinə çıxıb. Ancaq vəziyyəti düzəlməyib:

“Rayonda baxıb dedilər, ağciyərin deşilib, sən xəstəxana rejimində ciddi müalicə olunmasan, öləcəksən. Xəstəxanasından göndəriş alıb Bakıya – Ağciyər Xəstəlikləri İnsitutuna gəldim. Müayinələr nəticəsində də təsdiqləndi ki, bəli, ağciyərim deşilib. Məni cərrahiyyə şöbəsinə yerləşdirdilər, hazırda da burdayam, müalicə olunuram”.

“Bezdim axı…”

İndi əlilliyinin yenidən təsdiqlənməsi üçün Eldəniz Əsgərovun dərdi xəstəxanada yataq rejimində olduğuna görə Bərpa Mərkəzindəki komissiyanın tələb etdiyi sənədləri aparıb təqdim edə bilməməsidir. Deyir, ya Əlillərin Bərpa Mərkəzindən kimsə gəlib sənədləri götürsün, ya da xəstəxana göndərsin. Sənədlərin yubanması əlilliyin təsdiqlənməsinə, bu isə təqaüd təyinatının gecikməsinə səbəb olur.

“Səngərlərdə yata-yata ağciyərimi çürütmüşdüm, ancaq sığorta ödəməmək üçün məni mülki əlil kimi qeydə aldılar. 180 manat pensiya verirdi, elə sağlamlığıma dəyməzdilər, özüm sağlam canımla işləyib, özümü dolandırardım, onsuz da verdiyi pensiya heç dərmanlarıma çatmırdı, onu da kəsdi. Məni get-gələ saldıqlarından küçələrdə üstümə təcili yardım gəldi, bu da nəticəsi. İndi də deyirlər, dur, canın çıxsın, götür sənədlərini gətir çatdır, yoxsa əlillik təyin etməyəcəyik. Mən nə edim? Özümü yandırım bu xəstəxanada? Axı çıxış yolu qoymurlar əlilə… Niyə zülm verirlər bizə? Məqsədləri nədir? Bezdım axı mən…”

“Müalicə başa çatmamış ona hər hansı sənəd təqdim edilə bilməz”

TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsindən Meydan TV-yə bildirilib ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Eldəniz Əsgərovun müalicəsi davam etdirilir. Müalicə başa çatmamış ona hər hansı sənəd təqdim edilə bilməz:

“Eldəniz Əsgərov yalnız müalicə bitdikdən sonra ona verilən sənədi qeydiyyatda olduğu poliklinikaya təqdim edə biləcək. Daha sonra isə qeydiyyatda olduğu poliklinika tərəfindən Forma 88 doldurularaq tələb olunan Komissiyaya göndəriləcək”.

 

XalqXeber.Az

0.24629306793213