XİN-dən Ermənistana “öyrənin” MESAJI

18:48 05-03-2021 405

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsinin Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham etməsi, bunu bölgə üçün təhdid kimi qiymətləndirməsi rəsmi İrəvanın sağlam məntiq və düşüncədən uzaq olduğunu növbəti dəfə açıq nümayiş etdirir.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib.

O vurğulayıb ki, Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının bu ilin 4 mart tarixində keçirilən Zirvə görüşündə çıxışı zamanı bölgədə sülh və sabitliyin təmin edilməsi üçün yaranan əməkdaşlıq imkanlarından, birbaşa bölgə ölkələrinin faydalana biləcəyi nəqliyyat layihələrinin həyata keçirilməsindən danışıb.

“Azərbaycan tərəfinin hər zaman əməkdaşlıq və bölgənin tərəqqisi ilə bağlı mövqeyini pozucu şəkildə şərh edən Ermənistan tərəfinin, hansı maraqlara xidmət etdiyi sual doğurur və ümumiyyətlə, bu ölkənin hələ də nə istədiyini müəyyən etmədiyini göstərir”, - deyə, L.Abdullayeva əlavə edib.

O daha sonra bildirib:

“Ermənistan XİN nümayəndəsinə tövsiyəmiz ondan ibarətdir ki, şərh vermədən öncə öz hökumət rəhbərlərinin imzaladığı 10 noyabr tarixli bəyanatın mətni ilə tanış olsun, BMT TŞ-nin 1993-cü il tarixli qətnamələrini oxusun, habelə istinad etdiyi beynəlxalq hüquq prinsiplərinin mahiyyətinin nədən ibarət olduğunu öyrənsin”.