Ərəblər Azərbaycanda nadir quş növlərini tələf edirlər - FOTO/VİDEO

13:21 27-03-2021 522

Ərəblərin Acınohur çölündə quş ovuna davam etdikləri və hazırda isə Qax Dövlət Təbiət Yasaqlığında nadir quş növlərini ovladıqları barədə video-görüntülər yayılıb.

milletinsesi.info sosial mediada yayımlanan məlumatlara istinadən xəbər verir ki, onların ov etdikləri ərazilərdən hələ də atəş səslərinin eşidildiyi bildirilib.

Qeyd olunub ki, ərəblər hazırda Qax Dövlət Təbiət Yasaqlığında ova davam edir və görüntülərdə parçalanan quşun Qırmızı Kitaba düşmüş bəzgək olduğu deyilir.

Məlumata görə, ovlanan Qafqaz durnası da nadir hesab olunan quşlardan biridir və onların təbiətdə sayı 200 cütdən azdır.

Qax rayonunun Acınohur ərazisində xarici turistlərin qanunsuz ov hallarına yol verməsi barədə sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlar, foto və video materiallar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən açıqlama verilib.

Xidmətin rəisi Hikmət Əlizadə “Qafqazinfo”ya bildirib ki, bəzi görüntülərdə və yerində aparılan araşdırmalarda qanun pozuntuları müəyyən edildiyindən iki əcnəbi turist Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərinin pozulmasına və təbiətə vurulmuş ziyana görə cərimələniblər.

Hazırda ovlar arasında Qırmızı Kitab növlərindən qaraqarın, bağrıqaranın və bəzgəyin olduğu iddia edilir.

“Bir neçə gündür ki, sosial şəbəkələrdə və mətbuatda Qax rayonunun Acınohur ərazisində ərəb turistləri tərəfindən qanunsuz ov hallarına yol verilməsi və heyvanlarla rəhmsiz rəftar olunması ilə bağlı məlumatlar yayılıb. İlk növbədə qeyd etmək istərdim ki, ölkəyə turistlərin gəlməsi, onların hərəkəti, buna icazələrin verilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri xaricindədir.

Digər xarici ölkə vətəndaşları kimi, ərəb ölkələrindən də insanlar ölkəmizə gələ bilər və istirahətini təşkil edə bilərlər. Lakin, istirahətin təşkili zamanı ölkə qanunvericiliyinin pozulması halları baş verərsə, təbii ki, bu zaman müvafiq orqanlar öz səlahiyyəti daxilində hərəkət etməli və bunun qarşısını almalıdırlar.

Bu məlumatlar da bizə daxil olan zaman ilk növbədə araşdırma apardıq və məlum oldu ki, Acınohur yasaqlığında müvafiq 372 hektar ərazi 2017-ci ildə yerli bir vətəndaşa icarəyə verilib. Həmin vətəndaş müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar burada istirahət edirlər. Bununla bağlı hər hansı bir məhdudiyyət yoxdur. Bir neçə gün əvvəl ərəb turistlərin həmin ərazidə heyvanlarla rəhmsiz rəftar etməsi ilə bağlı məlumat daxil oldu və onlar cərimə edildilər. Dünən isə mətbuatda həmin ərazidə hətta ov etdikləri barədə məlumatlar yayıldı. Məsələ ilə bağlı araşdırmaya başladıq və fakt qismən müəyyən edildi”, - deyə Xidmət rəisi qeyd edib.

Hikmət Əlizadənin sözlərinə görə, sosial şəbəkələrdə və mətbuatda bir sıra köhnə dövrlərə, əvvəlki illərə məxsus olan, hətta ərazisi müəyyən etmək mümkün olmayan foto və video çəkilişlər də paylaşılıb:

“İddia olunur ki, bunların hamısı həmin ərazidə baş verib, lakin hazırda quşların miqrasiya dövrü bitib və ona görə də quşların sayı da ölkədə azdır. Bəzi faktlar öz təsdiqini tapdı və bununla bağlı iki ərəb turist tərəfimizdən 4 min manat civarında “Ovçuluq haqqında” qanunvericiliyin tələblərinə əsasən cərimə edildilər. Hazırda tərəfimizdən yasaqlıq ərazisində onların hərəkətini məhdudlaşdırmaq üçün müvafiq tədbirlər görülüb. Ərazidə müxtəlif yerlərdə postlar qurulub və bu fəaliyyət davam etdiriləcək. Həmçinin, araşdırmalarımız da davam edəcək. Əlavə məlumatlar olduqda bu barədə ictimaiyyətə məlumat veriləcək.

Biz başa düşürük ki, ictimaiyyət bu məsələrə çox həssas yanaşır, bəzi hallarda xarici ölkə vətəndaşlarının burada ölkə qanunvericiliyini pozması kimi məsələlər insanlarda müəyyən aqresiya doğurur, lakin bütün bu məsələlərdə dövlət qurumları səlahiyyəti daxilində hərəkət edirlər. Fürsətdən istifadə edərək bu məsələyə həssas yanaşan və məlumatları vaxtında ötürən insanlara öz təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, daha əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ərəblərin Acınohur çölündə quş ovlamaq üçün göyərçinə işgəncə vermələri ilə bağlı milletinsesi.info-a münasibət bildirib və sözügedən məsələ ilə bağlı Nazirliyin araşdırma apardığını məlumat verib.